AzVision.az-ın Analitik Qrupu

Turizmin “ipək yolu” | Lonqrid

// Xəzəryanı ölkələr turizmin bərpasını sürətləndirmək üçün necə əməkdaşlıq edə bilərlər

S

on 3 ili turizm üçün ən ağır dövr saymaq olar. Əvvəlcə pandemiya bu sektoru tamamilə çökdürdü, təxminən 75-80% geriləmə oldu. Ardınca isə yenicə bərpa meylləri yaranmağa başlayanda dünyada geosiyasi vəziyyət gərginləşdi, kommunikasiyalar pozuldu, qlobal əməkdaşlıq yerini sanksiyalara verdi. Sanki son 3 ildə dünyada gedən proseslər bilərəkdən turizmin qəsdinə durub. Bəs bu qəliz problemlərin arasında turizmin inkişaf üçün fürsətlər tapmaq mümkündürmü? “AzVision”un söhbətləşdiyi ekspertlərin fikrincə, bəli!   

Əslində məntiq sadədir: Müasir turizm industriyası Qlobalizmin meyvələrindən idi. Hazırda bizim bildiyimiz mənada Qlobalizm deformasiyaya uğramaqdadır. Qlobal bazarlar lokallaşır və regional alternativlərlə əvəzlənirlər. Dünya iqtisadiyyatında regionallaşma trendi başlayıb. Demək, turizmin öncə bərpası, sonra inkişafı yolu da ilk növbədə regional kooperasiyadan keçməlidir.

“Russo turisto”

Rusiya Avropanın turizm bazarında vacib oyunçulardan idi. Əgər sanksiyalar qoyulmasaydı, 2022-ci ildə Avropaya 5-10 milyon rus turisti gedəcək və təxminən 21 milyard avro sərf edəcəkdilər. Statistikaya görə hər rusiyalı turist xaricdə səfərdə olarkən gündə 175 avro xərcləyir.

Rusiyalı turistlər üzlərinə bağlanan qapıların əvəzinə yenilərini axtarırlar

Təbii ki, həmin potensial turistlər indi yeni istiqamətlər axtarışındadırlar.  Rusiya ilə yaxşı münasibətldə olan cənub qonşuları – Azərbaycan, Qazaxıstan, Özbəkistan bu insanlar üçün maraqlı ünvan ola bilər.

Yay mövsümündə əsasən çimərlik turizmi önə çıxdığından, Xəzər cazibəli alternativə çevriləcək. Həm Rusiyada, həm də Qazaxıstanda Xəzər istiqamətində daxili turizm axınının artması bu fikri təsdiqləyir. İlkin hesablamalara görə, bu il Dağıstana təxminən bir milyon yarım daxili turist gələ bilər ki, bu, tarixi rekord olacaq. Amma Qara dəniz və Xəzər dənizi sahillərindəki infrastruktur Rusiyanın qəfildən kəskin artan daxili turizm yükünü çəkmək iqtidarında deyil. Buna görə də qonşu dövlətlərsiz keçinmək mümkün olmayacaq.

“Səyahət, Sağlamlıq və Turizm DMC” şirkətinin rəhbəri Tərlan Quliyev 
AzVision.az-a müsahibəsində bildirib ki, həmin turistləri müəyyən paketlər vasitəsi ilə Azərbaycana cəlb edə bilərik. Əslində, hazırda bu istiqamətdə işlər də gedir.

Tərlan Quliyev: “Rusiyalı turistləri müəyyən paketlər vasitəsilə Azərbaycana cəlb edə bilərik”

Qazaxıstan  isə, “Kazakh Tourism” şirkətinin rəhbəri Daniel Serjanulının sözlərinə görə, Rusiyadan turist axınının 7 dəfə artmasını gözləyir. Və bu da hələ son hədd deyil. Bu məqsədlə Rusiyanın bütün iri şəhərlərində Qazaxıstanın təklif etdiyi turizm imkanlarının təqdimatı keçirilir.

Burada başqa amil də önə çıxır. Dünya Turizm Təşkilatının məlumatına görə, bu gün bir beynəlxalq səfərin qiyməti orta hesabla 2019-cu ildəki 1000 dollardan 1300 dollara yüksəlib. Və bu, son hədd deyil. Bahalaşma təkcə xarici səfərlərdə yox, daxili turizmdə də müşahidə olunur. İnflyasiya və qiymət artımını da nəzərə alsaq, uzaq ölkələrə səyahət getdikcə daha sərfəsiz olur.

Belə bir vəziyyətdə Xəzəryanı ölkələr Rusiya ilə turizm sahəsində işbirliyini genişləndirmək üçün maraqlı variantlar tapa bilərlər. Məsələn, Qazaxıstanın Xəzər sahilində yerləşən otelləri artıq Türkiyədəki kimi “all inclusive” xidmət paketinə keçməyə başlayırlar. Bu, Azərbaycan üçün də maraqlı təcrübə ola bilər.  

Xəzər kruizi? Why not?!

Ən maraqlısı isə Xəzərdə kruiz turlarının təşkilidir. Qazaxıstanın Dünya İqtisadiyyatı və Siyasəti İnstitutunun (DISI) eksperti, Xəzər dənizi regionu üzrə mütəxəssis Lidiya Parxomçik AzVision.az-a bildirib ki, kruiz layihəsi Xəzər dənizində turizmin birgə inkişafı üçün ən mühüm istiqamət olub və olaraq da qalır. Bunun üçün Xəzəryanı ölkələrin səylərini əlaqələndirmək lazımdır. Kruiz turizminin müxtəlif variasiyalarda təşkili də daxil olmaqla, dəniz istirahətinin inkişafı ideyası həm çoxtərəfli, həm də ikitərəfli formatda müzakirə edilib.

Lidiya Parxomçik: “Xəzər regionuna daxili turizm axınını beynəlxalq turizmə çevirməliyik”

Təşəbbüslərin mərkəzində Rusiya tərəfinin “Böyük Pyotr” adlı çay-dəniz kruiz laynerinin tikintisi layihəsi dayanır. O, 300 sərnişin üçün nəzərdə tutulub və hazırda Həştərxan gəmiqayırma zavodunda bu laynerin tikintisi başa çatdırılır. Bu ilin sentyabrında laynerin ilk dəniz sınaqları planlaşdırılır. Həştərxan qubernatorunun proqnozlarına görə, gəmi hər il 30 min turistə xidmət göstərə biləcək. Bu kruiz laynerinin marşrutu üçün Mahaçqala, Bakı, Türkmənbaşı və Aktau limanlarında uyğun turizm infrastrukturunun hazırlanması planlaşdırılır.

“Böyük Pyotr” Xəzər limanlarına yan alan ilk kruiz gəmisi ola bilər

Amma əlbəttə ki, “Dəniz turizmi” anlayışı təkcə kruiz gəmisinin yan aldığı limanların mövcudluğunu nəzərdə tutmur. Bir-birinə bağlı olan xidmətlər kompleksinə ehtiyac var. İlk növbədə çimərlik istirahəti sahəsində xidmətlərin keyfiyyətinin dünya səviyyəsinə çatdırılması, istirahət zonaları şəbəkəsinin və digər infrastrukturun qurulması lazımdır. Bütün bunlar birlikdə bizə beynəlxalq turistləri cəlb etmək imkanı verər. Əslində bu proses gedir və bütün Xəzəryanı ölkə hökumətlərinin xüsusi nəzarəti altındadır. İşlərin uzlaşdırılması və koordinasiyası prosesi sürətləndirəı bilər. Hələlik isə qarşıda başqa bir missiya durur: Sürətlə artan daxili turizmi qarşılıqlı şəkildə qonşulara da yönəltmək.

Xəzərdə görə biləcəyimiz ilk kruiz gəmisinin 3D-modeli

Salam, qonşu!

Hazırda Xəzəryanı ölkələrin demək olar ki, hamısında daxili turizm yeni rekordlar vurmaqdadır. Məsələn, Qazaxıstanın mədəniyyət və idman nazirinin müavini Yerjan Yerkinbayevin sözlərinə görə, keçən il ölkədə 6,9 milyon insan daxili səyahətə çıxıb. Bu il rəqəmin daha böyük olacağı gözlənilir. Səbəb aydındır: İki illik qapanmadan sonra insanlar gəzməyə və istirahətə olan psixoloji ehtiyaclarını ödəmək istəyirlər. Azərbaycan və Özbəkistanda da anoloji vəziyyətdir. Və 3 ölkə bu vəziyyətdən qarşılıqlı şəkildə faydalana bilərlər.

Azərbaycanın 
Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə AzVision.az-a müsahibəsində bildirib ki, turizm sahəsində Xəzər regionunun potensialı hələlik tam açılmayıb və tam istifadə edilmir: “Əlbəttə, Xəzəryanı dövlətlər bunu bilirlər və müvafiq qurumlar bunun üzərində iş aparırlar. Biz düşünürük ki, bu potensialdan daha səmərəli istifadə etmək olar”.

Kənan Quluzadə: “Xəzər regionunun turizm potensialı hələ tam açılmayıb”

Quluzadənin sözlərinə görə, Xəzəryanı ölkələr arasında, ilk növbədə Orta Asiya dövlətlərilə əməkdaşlıq çərçivəsində yeni turizm məhsulları var. Hazırda İpək Yolu marşrutunu əhatə edəcək yeni kombo-turlar hazırlanır. Tezliklə müəyyən institusional addımlar da atılacaq.

Dünyada turizmin 100-dən çox növü var. Onların bəziləri daim ekstensiv inkişaf tələb edir. Məsələn, tarixi turizm: Siz ölkənizin tarixi məkanlarını gəzə bilərsiniz, amma gələn il yeni yerlər görmək istəyəcəksiniz. Qədim Xivə şəhəri İslam dünyasının turizm paytaxtı elan olunan Özbəkistan tarixi turizmdə çox maraqlı ünvana çevrilə bilər. Hər şeyi bir qırağa qoyaq, hansı azərbaycanlı Nizami Gəncəvinin “Xəmsə”sinin 4-cü poemasında ("Yeddi gözəl") öz gözəl qızı ilə təmsil olunan Xarəzmi görmək istəməz ki?!

Xivə şəhəri 2024-cü il üçün İslam dünyasının turizm paytaxtı elan olunub

Qazaxıstan Xəzər sahillərindən başqa Alagöl və Balxaş kimi əfsanəvi dağ göllərini, həm qədim, həm müasir şəhərlərini turistlərə təklif edə bilər. Qazaxıstanın Azərbaycanlı turistlər üçün başqa nə ilə maraqlı olacağını tanınmış jurnalist Şakir Eminbəyli AzVision oxucuları üçün özünün oradan səfər qeydlərində də yazmışdı. Hər üç ölkənin turizm xəritəsində digərlərindən olan səyyahlar üçün kifayət qədər “ağ ləkə”lər var ki, bu, turistləri xeyli həvəsləndirə bilər. Axı aktiv turizmin məqsədi həm də yeni yerlər görmək, tanımaqdır. Bəzən bunun verdiyi həzz heç nə ilə müqayisəyə gələ bilməz.

Qazaxıstanın turizm xəritəsində hələ kəşf olunmamış “ağ ləkə”lər az deyil

Bizim bu yazıda məqsədimiz ölkələrin turizm imkanlarının təsviri deyil, amma bir məqamı mütləq qeyd etməliyik. Azərbaycanın bu günə qədər bilinən turizm imkanlarına  xeyli yeniliklər əlavə olunub. Əvvəla, azad olunmuş ərazilərimiz tezliklə aktiv turizm marşrutlarına daxil ediləcəklər. Ora istənilən baxımdan turistlər üçün son dərəcə maraqlı yer olacaq. Çünki xeyli tematik turizm məhsulları da yaradıla bilər. İkincisi, blokada görə uzun illər turizm marşrutlarından kənarda qalan Naxçıvan artıq bu müstəvidəki yerini tutmaqdadır. Və “kiçik torpağ”ın turistlərə göstərə biləcəyi çox şey var...

Şuşa tezliklə regionun turist marşrutları arasında aktiv istiqamətə çevriləcək

Nəyi gözləyirik?

Bütün bu potensialın açılması üçün müəyyən institutsional addımların atılmasına ehtiyac var. Hazırda bu istiqamətdə işlər gedir, amma sürətləndirilməsi pis olmazdı. İyunun 20-də Dəşkənddə Özbəkistanın Turizm və Mədəni İrs Nazirliyi ilə Azərbaycanın Dövlət Turizm Agentliyi arasında əməkdaşlıq proqramı imzalandı. Proqram 2022-ci il ərzində bu sahədə atılacaq addımları nəzərdə tuturdu. Azərbaycanla Qazaxıstanın arasında da anoloji təmaslar saxlanılır.

“Millenium Tourism & Congress DMC” şirkətinin rəhbəri, Azərbaycan Müalicə və Termal Turizmə Dəstək Assosiasiyasının təsisçisi Ruslan Quliyevin fikrincə, turizmi bərpa və inkişaf etdirmək üçün səyləri əlaqələndirmək, turizm potensialını təbliğ etmək üçün ortaq rəqəmsal platformalar yaratmaq və bu sahədə xidmətləri inkişaf etdirmək lazımdır. Bundan başqa, tranzit turizm məsələsini də nəzərdən keçirməliyik.

Hazırda xarici turizmə əsas əngəllərdən biri quru sərhədlərin hələ də bağlı qalmasıdır. Əlbəttə, təhlükəsizlik hər şeydən önəmlidir, amma ehtiyat tədbirlərini görməklə, bu istiqamətdə müəyyən yumşalmalara getmək olar. Çünki pandemik şəraitin tam “sıfır vəziyyəti”nə nə zaman qayıdacağını heç kim bilmir. Turizm isə o qədər gözləyə bilməz. Bütün hallarda, Özbəkistanla Qazaxıstanın Azərbaycanla quru sərhədi olmadığından, bu amil həmin ölkələrlə turist mübadiləmizdə birbaşa rol oynamır.

Qarşıdakı 2-3 il turizmin bərpası baxımından həlledici olacaq. 
BeynəlxalqTurizm Təşkilatının hesabatına görə, 2021-ci ildə turist səfərləri 2019-u ildəkindən 72% az olub. Bu il 2019-cu ildəkinin 50-63%-nə çatacağı proqnozlaşdırılır. Bəzi ekspertlər 2024-cü ildə qlobal turizmin dövriyyəsinin 2019-cu ilin həcminə çatacağını və onu keçəcəyini gözləyirlər. Hərçənd, bunun nə qədər “qlobal” olacağı ayrıca bir sualdır. Artıq aydındır ki, söhbət turizm bazarının regional çərçivələrdə bərpasından gedəcək. Xəzəryanı ölkələr bu prosesdə geri qalmamaq üçün regional əməkdaşlığın yaratdığı imkanlardan maksimum istifadə etməlidirlər.

  14 İyul 2022    Oxunub: 14072    Oxunma vaxtı: 27 dəq.

27 dəq.